İrəvanın “üzvlük prosesi” qərarına AB-dən reaksiya

15:48 11 Yanvar 2025

Avropa Birliyi Ermənistan hökuməti tərəfindən təsdiqlənmiş və təşkilata üzvlük prosesinə başlamağı nəzərdə tutan qanun layihəsini təhlil edəcək və məsələ Ermənistan hakimiyyəti ilə müzakirə olunacaq.

Sitat.info xəbər verir ki, bu sözləri AB-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə rəsmisi Anitta Hipper bildirib.

“Bu arada, artıq çox iş görmüşük və Avropa Birliyi ilə Ermənistan arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrasını həyata keçiririk. Bu saziş AB qanunlarına uyğunlaşma və genişmiqyaslı dəstək üçün imkanlar yaradır. Biz AB-nin “Sabitlik və İnkişaf Proqramı” çərçivəsində Ermənistana maliyyə dəstəyimizi artırmışıq və 2024-2027-ci illər üçün 270 milyon avro ayırmışıq. Bu vəsait ölkənin sosial və iqtisadi dayanıqlığını gücləndirmək, əlaqəlilik, ticarət və enerji müxtəlifliyini stimullaşdırmaq üçün nəzərdə tutulub”, - Hipper vurğulayıb.

O, həmçinin əlavə edib ki, AB və Ermənistan arasındakı əlaqələr indiyə qədər heç vaxt bu qədər sıx olmayıb. O, bunun ötən il bir sıra qərarlarla, o cümlədən viza liberallaşdırılması üzrə dialoqun başlanması və Avropa Sülh Fondundan 10 milyon avro dəstəyin ayrılması ilə təsdiqləndiyini xatırladıb.

Qeyd edək ki, Ermənistan hökuməti Avropa Birliyinə üzvlük prosesinə başlamağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Layihə yaxın vaxtlarda Ermənistan parlamentində müzakirə ediləcək.



Xəbər xətti