Ukrayna Prezidenti Vladimir Zelenskinin övladları - qızı Aleksandra və oğlu Kirill Kiyevdə qalırlar.
Sitat.info xəbər verir ki, bu barədə Zelenski İtaliya telekanalına verdiyi müsahibəsində bildirib.
O bildirib ki, övladlarının Kiyevdə qalması başqaları üçün də nümunədir:
“Onlar Kiyevdədirlər. Bu müharibəni digər uşaqlarla birgə yaşayırlar. Sirenlər, raket hücumları zamanı onlar məktəblərdə və universitetlərdə sığınacaqlara enirlər. Amma bu, reallıqdır. Mən çox şadam ki, onlar Ukraynadadırlar. Bu, başqalarına nümunədir. Əgər küçələrdə uşaqları görmürüksə, onların gözlərini görmürüksə, o zaman sual yaranır: biz kimin üçün mübarizə aparırıq? Biz uşaqlarımızın gələcəyi, onların dəyərləri üçün mübarizə aparırıq” - deyə o vurğulayıb.
Qeyd edək ki, Vladimir və Olena Zelenskinin iki övladı var - 19 yaşlı Aleksandra və 11 yaşlı Kirill. Qızı Kiyevdə hüquq təhsili alır, oğlu isə məktəblidir.