Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

23:15 15 Yanvar 2025

“AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırma zamanı hərtərəfli komissiya məhkəmə-tibbi ekspertizası təyin edilib”.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

“Hava hərəkətinə nəzarət xidmətləri, hava hərəkətini idarəetmə sistemi və hava hücumundan müdafiə orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün hərtərəfli komissiya təşkilati-texniki məhkəmə-tibbi ekspertizası təyin edilib” , - o bildirib.

Onun sözlərinə görə, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir:

“Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Hərtərəfli aviasiya texniki ekspertizası təyin edilib.

Bütün təyyarə sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir”.

“İstintaq Azərbaycan və Qazaxıstanın səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar ( SENIPA) tədqiq olunur”, - Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndəsi bildirib.



Xəbər xətti