Skuter sürənlər bu hallarda 40 manat CƏRİMƏLƏNƏCƏK

13:37 27 Yanvar 2025

Son illərdə elektrik skuterləri şəhər həyatında populyar nəqliyyat vasitələrindən birinə çevrilib.

Sitat.info Baku.ws-ə istinadən xəbər verir ki, hərəkət rahatlığı və gündəlik istifadə üçün əlverişliliyi bu vasitələri Bakı sakinləri arasında geniş yayılmasına səbəb olub.

Xüsusilə sıxlıq və tıxaclarda qalmaq istəməyənlər elektrik skuterləri qısa məsafələr üçün sürətli həll və ictimai nəqliyyata alternativ kimi istifadə edir.

Qeyd edək ki, Bakıda 31 küçə və prospekt üzrə 35 km uzunluğunda velosiped yolları yaradılıb, bu rəqəmin mərhələlərlə təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur. Salınan yoldan həm velosiped, həm də skuter sürənlər rahat şəkildə istifadə edirlər.

Bu innovativ nəqliyyat vasitələrinin geniş istifadəsi müəyyən qaydaların tətbiqini və pozuntulara görə cərimələrin müəyyənləşdirilməsini də zəruri edir. Bəzi skuterlərdən istifadə zamanı qayda pozuntusuna yol verəcəyini bilmirlər.

Elektrik skuterləri ilə bağlı hansı qaydalar mövcuddur və pozuntulara görə hansı cərimələr tətbiq edilir?

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə bildirdi ki, elektrik skuterlərinin düzgün idarə edilməsi yalnız hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün deyil, həm də piyadaların və digər nəqliyyat vasitələrinin hüquqlarının qorunması baxımından vacibdir:

"Azərbaycanda elektrik skuterlərindən istifadəyə dair xüsusi qaydalar mövcuddur. Bu qaydalar sürət məhdudiyyətindən tutmuş, təhlükəsizlik tədbirlərinə qədər geniş çərçivəni əhatə edir.

AR İXM-nin 338-ci maddəsinə əsasən kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə;

velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə;

yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

sükan olduğu halda, sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə;

nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;

piyadaların hərəkətinə maneə yaradılmasına;

sərnişin daşınmasına;

keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - 40 manat məbləğində cərimə nəzərdə tutulub".



Xəbər xətti