Maaşlar, təqaüdlər, qiymətlər artdı, amma şəhid ailələrinə verilən 500 manat artmadı...

10:50 3 Fevral 2022

Şəhid ailələri tərəfindən mənə müraciətlər çox olduğu üçün bu məsələni də yazmağı özümə borc bildim.

"Elan edildi ki, təqaüdlər, maaşlar 20 % artdı.  Amma şəhidlərin vərəsələrinə verilən 500 manat prezident təqaüdü artırılmadı. İşıq, su qaz, yanacaq və ərzaq bahalaşdığı üçün 500 manatla dolanmaq çox çətindir".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri gənc alim, şəhid Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev deyib.

Onun sözlərinə görə, şəhid ailələrinə verilən prezident təqaüdü də ən azından 20 faiz artırılmalıydı: "Ailə var ki, şəhid olan övladı 1500-2000 manat maaş alırdı, amma indi ailəsinə yalnız 500 manat verilir (ailəsində pensiya almayan subay şəhidlər üçün). Ön cəbhədə, dağda xidmət etdiyi üçün ikiqat maaş alan hərbçi şəhid olduqdan sonra ailəsinə maaşının bir qatının 60-80 faizi, və ya təkcə 500 manat Prezident təqaüdü verilir. Əslində maaşın bir qatı da deyil, o məbləğdən də bəzi çıxılmalar olur. Nəticədə maaşın üçdəbiri qədər məbləğ qalır. Bu məbləğ isə indiki qiymətlərlə həddən çox azdır. Ona görə də bir çox şəhid ailələrinin dolanışığı hal-hazırda yaxşı deyil, ehtiyacları da günü-gündən çoxalır".

ƏVəliyev vurğuladı ki, sonuncu dəfə işıq, su və qazın qiyməti artırılarkən şəhid ailələrinə güzəşt məsələsi yada düşmədi: "Haqlı olaraq şəhid ailələri də narazı qaldı. Millət vəkillərindən bu məsələni Milli Məclisdə müzakirəyə çıxarmağı rica edirəm".

SİTAT.İNFO



Xəbər xətti