"Rusiya prezidenti Vladimir Putin Çinə səfər etmədən öncə bu ölkənin “Sinhua” agentliyi üçün məqalə yazıb. Məqalə Kremlin saytında da yayımlanıb. Məqalənin məğzi budur ki, Rusiya və Çin tarixlərində görünməmiş tərəfdaşlıq münasibətləri qurublar. Putinin sözlərinə görə, Rusiya və Çin qarşılıqlı şəkildə bir-birlərinin maraqlarını nəzərə alır və birgə çalışmalarını davam etdirirlər. Kreml sahibi məqalədə Çinlə əməkdaşlığın bütün sahələrini sadalayıb. Siyahı uzundur. Vladimir Putin məqaləsində Pekin olimpiadasının açılışına təşrif buyurmayan Qərb liderlərini tənqid etməyi də unutmayıb".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu məsələdə Putin haqlıdır: "Təxminən 2000-ci illərin əvvəllərindən Rusiya ilə Çin arasında sıx tərəfdaşlıq əlaqələri qurulub. Rusiya Çinin daxili işlərinə qarışmır, Çin də Rusiyanın. Misal üçün Kreml Çində uyğurların “əmək düşərgələrində tərbiyləndirilməsinə” göz yumur, Pekin də Rusiyanın Krımın ilhaqına, Donbas separataçılarına verdiyi dəstəyə səssiz qalır. Halbuki, Tibet mövzusunu nəzərə alsaq Çin üçün ərazi bütövlüyü prinsipi əsasdır. Ancaq Pekin Rusiyanın timsalında bunu “unutmağa” hazırdır. Çin Rusiya ilə dostluqdan məharətlə istifadə edərək “ortaq layihələr” adı altında Sibirin zənginliklərinə yiyələnməkdə davam edir".