"Ramiz Mehdiyev AMEA-nı da Prezident Aparatı kimi idarə etməyə çalışır" - Qulu Məhərrəmli

09:44 4 Fevral 2022

“Bizdə müstəqillik illərində AMEA-nın həmişə problemləri olub. Sovet dövründə bu idarəçilik sistemi elə idi ki, daimi nəzarət var idi, həm yuxarıdan nəzarət olunurdu, həm də daxili bir demokratiya var idi. Burada sözünü deyə bilən alimlər var idi. Hər halda ümumi bir partiya nəzarəti deyilən amil də var idi. Hər nə qədər avtoritar olsa da, müəyyən mərhələlərdə fayda verə bilirdi. Amma müstəqillik dövründə çox mexanizmlər işləmədi. Yeni idarəçilik sistemi daha çox fərdlər üzərində, yaxın əlaqələr üzərində qurulmağa başladı. Əvvəlki aktual elmi problemlər arxa plana keçdi. Ramiz Mehdiyevin bu quruma rəhbər təyin olunması problemləri bir qədər də qabartdı. Problem ondadır ki, Ramiz Mehdiyev akademik titulu daşısa da ümumiyyətlə elm adamı deyil”.

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında professor, media eksperti Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin hər hansı tədqiqat aparmaq, araşdırma etmək təcrübəsi belə yoxdur: “Həmişə partiya sistemində olub, hazır yazılara imza atıb. İndi də elədir. İndi o, akademiyada korrupsiyanın, yerlibazlığın, vəzifədən sui-istifadənin, yalançı alimlərin ortaya çıxarılmasının müəllifidir. Dünənə qədər müəllim kimi dərs deyən adam sürətlə akademik səviyyəsinə yüksəlir, bunun üçün kifayət qədər münbit şəraitin yaradılması AMEA-nın problemlərini çox qabarıq şəkildə ortaya çıxarır.

Mehdiyevin bir problemi də ondan ibarətdir ki, buranı Prezident Aparatı kimi idarə etməyə çalışır. Hər şey administrativ, hər şey yuxarıdan aşağı. Bu gün göstəriş verir, sabah onu dəyişdiri, növbəti gün yenə dəyişdirir. Bu cür idarəçilik elmi tədqiqat institutlarında iş ahəngini pozur”.

Professorun sözlərinə görə, artıq etirazlar başlayıb və bu etirazlar çox əsaslıdır: “ Tarix İnstitutunun direktoru Kərim Şükürovun, Qafqazşünaslıq İnstitutunun direktoru, deputat Musa Qasımlının, çox görkəmli alim, kulturoloq Rəfail Hüseynovun bu məsələlərə tənqidi münasibət bildirməsinin çox ciddi əsasları var. Akademiyadakı indi hərc-mərcliyi, mövcud olan nöqsanları görən heç bir adam susa bilməz.

Hesab edirəm ki, Akademiyanın problemləri çoxdur və əsas problem Ramiz Mehdiyevin oraya rəhbərlik etməsidir. Bu adam oradan istefa verməlidir. AMEA-da gənclərin yolu açılmalıdır, normal elmi mühit yaradılmalıdır. Bu qədər nöqsanları olan müəssisədə işin mahiyyətini bilməyən, idarəçilikdən başı çıxmayan, müasir elmi trendləri görməyən alimlərin, vəzifəli şəxslərin kənarlaşdırılması çox vacibdir.

Belə olmasa, biz dünyada müasir elmin bir parçası olmaqdan kənarda qalacağıq. İdarə mexanizmini yenilənəcək kadrlara ehtiyac var. Ona görə də, Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması bu məsələnin reallaşması üçün münbit şərait yarada bilər. Mən Akademiyanın ləğv edilməsinin qəti əleyhinəyəm. Çünki bu bir dəyərdir. Belə bir struktur yaratmaq Sovet dövründə bizim ciddi nailiyyətlərimizdən biri idi. Ona görə də elmi institutlaşdıran bir qurumun olması vacibdir. Amma o açıq və şəffaf olmalı, dövlətin, cəmiyyətin xeyrinə iş aparmalıdır”. SİTAT.İNFO

 



Xəbər xətti