"Son zamanlar Avropada sağ və millətçi siyasətçilərə, partiyalara qarşı repressiyalar artıb, “psevdo-sol və psevdo-liberallar” seçkidə uduzurlar deyə, anti-demokratik üsullara keçiblər. Həm Avropada, həm də bizdə bəzi “intellektuallar” bu repressiyalara haqq qazandırmağa çalışırlar və ən böyük “arqumentləri” də odur ki, zamanında 1933-də Hitlerin qarşısı alınmadı, sonra milyonlarla insan həlak oldu, yəni, o da seçki yolu ilə gəlmişdi. Bu yanaşma emosional istismardan başqa bir şey deyil".
Bu sözləri Sitat.info-ya açıqlamasında Real Partiyasının sədri Natiq Cəfərli deyib.
O bildirib ki, indi 1930-lar deyil, ikincisi Hitlerin hakimiyyətə gəlməsi 1-ci Dünya Müharibəsindən sonra alman xalqının, elə həmin Qərb dövlətləri tərəfindən alçaldılması böyük rol oynadı: "Amma, Hitlerin hakimiyyətə gəlməsində Stalinin də rolu olub. Qısa xronologiyanı hamımız xatırlayaq: 1932-ci ildə Almaniya kansleri Franz von Papenin hökumətinə Kommunist Partiyası tərəfindən (rəhbəri məşhur Ernst Thalman) Almaniya Reystaqında (Parlament) etimatsızlıq səsverməsi nəticəsində koalisiya dağılır, yeni seçkilər keçirilir. 6 noyabr 1932-ci ildə seçkilər keçirilir, Hitlerin partiyası 1-ci yer tutsa da (196 yer qazanır), təkbaşına hakimiyyətə gələ bilmir. Növbəti yerlərdə 121 nəfər deputatla Otto Wels-in Almaniya Sosial-Demokrat Partiyası, 100 nəfər deputatla isə Ernst Thalman-nın Kommunist Partiyası tutur. Parlamentə daha 3 partiya da düşmüşdü, onlar, əsasən, konservativ ideologiyalı partiyalar idi.
Bu seçkidən sonra Sosial-Demokratlar və Kommunistlər koalisiya qura bilərdilər, hətta daha 2 kiçik konservativ pariya da koalisiyaya qoşula bilərdi. Amma Stalin məktub yazaraq Ernst Thalmana Sosial-Demokratlarla eyni koalisiyada olmamağı tövsiyə edir, bununla da danışıqlar baş tutmur, hökumət formalaşmır, 1933-də daha iki dəfə seçki keçirilir - martdakı seçkilərdən sonra yenə hökumət qurulmur və noyabrda yenidən seçki keçirilir və Hitler hakimiyyətə gəlir. Amma, yenə də “solun” səhvlərinə görə olur. 1934-cü ildən diktaturaya doğru addımlar atılır. Hitler elə ilk olaraq Kommunistləri və Sosial-Demokratları repressiyaya uğradır".
N.Cəfərli hesab edir ki, bu bəhanə ilə sağçıları əzmək siyasi səhvdir: "Yəni, müxtəlif səbəblərə, səhvlərə görə seçkidə böyük üstünlük qazanmadan, amma opponentlərinin axmaqlığı ucabatından Hitler hakimiyyətə gəlib deyə, indi bunu bəhanə edib dünyada sağ, millətçi siyasətçiləri əzmək nəinki doğru deyil, hətta siyasi səbatsızlıqdır – çünki, əzilən sağ və millətçilər bundan bəslənərək daha böyük güc olacaqlar. Tramp örnəyi bunu göstərir".
Sitat.info