Niyə kreditlə ev ala bilmirik? - Ekspert səbəbləri açıqladı

09:12 4 Fevral 2022

Bu gün nəinki gənc ailələrin, 20-25 ildir evli olan ailələrin də əksəriyyəti ev almaq imkanından məhrumdur. Nağd vəsaiti olmayanların əsas arzusu normal şərtlərlə ipoteka krediti götürmək, daha sonra isə hazırda kirayəyə ödədikləri vəsaitləri kreditin ödənilməsinə sərf etməkdir. Ancaq təəssüf ki, insanlar müxtəlif variatları götür-qoy etsələr də kreditlə ev ala bilmirlər. 

Səbəbləri iqtisadçı ekspert Əkrəm Həsənov SİTAT.İNFO-ya açıqlamasında açıqladı.

İqtisadçının sözlərinə birinci səbəb gəlirlərin aşağı olmasıdır: "Şərtlər nə qədər yumşaldılsa da, kreditin geri dönüşü təmin edilməlidir. İpoteka kreditləri üzrə faizlər kifayət qədər aşağıdır, təxminən Mərkəzi Bankın uçot dərəcəsi həcmindədir. Güzəştli kreditin faizi isə ondan da aşağıdır. Ancaq əlbəttə ki, bu şərtlərlə hər bir vətəndaş ev ala bilmir.  İpoteka kreditləri üzrə şərtlər yaxşıdır, ancaq insanların çoxu o qədər aşağı gəlirə malikdir ki, onlara evi faizsiz də versəniz heç kreditin özünün də qaytara bilməyəcək. Bu insanlar ancaq ailələrinin gündəlik dolanışığını təmin edə bilir".

Ə.Həsənovun fikrincə ikinci səbəb ipoteka kreditlərinin verilməsindəki qeyri-şəffaflıqdır: "Problem həm də ondadır ki, bu şərtlərə cavab verən insanların da heç də hamısı onu ala bilmir. Ayda 500-1000 manat kredit verməyə imkanı olanlar da onu əldə edə bilmir. Çünki ipoteka kreditləri digər güzəştli dövlət kreditləri kimi qeyri-şəffafdır. İpoteka kreditləri şəffaf olmalıdır və həmin qurumun, yəni İpoteka və Kredit Zəmanət Fondunun saytında dərc olunmalıdır. Bu kreditlər kimlərə verilib, onlar nə alıblar, neçəyə alıblar, harada işləyirlər, nə qədər rəsmi gəlirləri var və sair. Bu halda biz baxacağıq ki, niyə bizə imtina gəlib, onlar isə alıblar. Bəlkə o insanların bütün ailə üzvləri ev alıb və ya artıq ikinci, üçüncü dəfə alırlar. Biz bunu haradan biləcəyik, o məlumatlar heç yerdə dərc olunmur. Ola bilsin ki, hansısa sahibkar ipoteka krediti adı ilə pul götürür, əslində isə ev almır, sadəcə sənəd üzərində belə göstərir. Ucuz kredit olduğu üçün bu da mümkündür. Şəffaflıq olsa haqqı çatan insanlar ala biləcək. Mən illərdir bunu təklif edirəm, heç kim münasibət bildirmir ki, niyə dərc etmək olmaz.  Çünki şəffaflıq onlara sərf eləmir".



Xəbər xətti