Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən Heydər Əliyev parkının ağacları doğranıb. Fotolardan bəlli olur ki, təxminən 50-ə yaxın ağacı məhv ediblər.
Aida Axundova adlı feybuk istifadəçisi sosial şəbəkə hesabında ağacların kəsilməsi ilə bağlı fotolar paylaşaraq bunları yazıb:
"Xırdalan qəsəbəsi, Heydər Əliyev adına İstirahət və Mədəniyyət parkı son 2 ildə müxtəlif "sahibkarlar" tərəfindən zəbt edilərək qumarhana, qəlyanxana, kababxana ərazisinə çevrilib.
Parkın sakinlər üçün nəzərdə tutulmuş ağacları, səkiləri, söhbətgahları "By Mübariz", Tatlım, Karamel, Turşməzə adlı kafe-restoranlar tərəfindən zəbt olunub. Skamya və oturacaqların böyük əksəriyyəti sıradan çıxarılıb, yerini qəlyanxanar tutub. Ekologiya Nazirliyinin Dövlət Ekoloji Ekspertiza İdarəsi Parkda son 2 ayda 292 ağaca rəy verib. Yerində yeni ağac əkmək əvəzinə cəmi 15-20 qurumuş budaq basdırıb ki, onların hamısı da quruyub məhv olub. Digər kəsilmiş ağacların yerində isə ağac əkilmir, gözləyirlər ki, vaxt keçsin, bu ərazidə də yeni restoran, qəlyanxana, kababxana, çayxana və s . obyektlər açılsın. Əziz dövlətimin aiddiyatı qurumları, Heydər Parkının ağac və yaşıllığının məhv edilməsinə imkan verməyin".
Qeyd edək ki, məsələ ilə bağlı adıçəkilən ünvanda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 10 may 2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə 292 ədəd qurumuş, qəzalı şam ağacının götürülməsinə rəy verilməsi haqda müraciət olunmuşdur. Qurumun mütəxəssisləri tərəfindən araşdırma aparılmış və 02.07.2025-ci il tarixli məktubla sözügedən ağacların götürülməsi və yerində mövsüm ərzində iqlimə xas yeni tinglərin əkilməsi şərti ilə rəy verilmişdir.
Sitat.info