Son 72 saata dünyada, bölgəmizdə, ölkəmizdə baş verən çox mühim, vacib hadisələrə diqqət yetirək:
1) Rusiya ilə Çin birgə bəyanat qəbul edib yeni dünya düzəninə “şərik” olduqlarını açıq bəyan etdilər,
2) Türkiyə Prezidenti Ukraynaya səfər etdi, çox vacib müqavilələr bağlandı, bu müqavilələrin bizə də aidiyyatı var,
3) Avropa Birliyi ilə Azərbaycan arasında çox vacib danışıqlar raundu oldu, tək enerji deyil də, digər sahələrdə də əməkdaşlığın dərinləşməsi qərarları alındı,
4) Prezident Əliyev AB-nin enerji məsələləri üzrə komissarı ilə görüşdü, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi,
5) Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib,
6) Avropa Birliyi müxtəlif layihələr çərçivəsində Azərbaycana 2 mlrd. avro yardım ayıracağını bəyan etdi,
7) Avropada qaz böhranına görə Azərbaycanın geosiyasi önəmi daha da artdı, yeni logistik layihələrin (Türkmənistan və İran qazının Azərbaycan üzərindən AB-yə ixracı) məsələsi öz həllini tapır,
8 ) Türkiyə-Ermənistan arasında yeni səhifə açılır, Paşinyan martda Türkiyəyə səfər edəcək.
Göründüyü kimi son 72 saatda dünyada, bölgəmizdə, ölkəmizdə həyatı vacib hadisələr, ciddi müzakirə olunacaq məsələlər baş verir. Bu günlərdə REAL Partiyası təmsilçiləri Avropa Şurasında müzakirələrə qatılıb, Bakıda olan rəhbərlik nümayəndələri online baş tutan bir neçə vacib beynəlxalq görüşlərdə iştirak edib, Fransanın Azərbaycandakı səfirliyində görüşərək ciddi və qlobal məsələlərin müzakirəsində iştirak edib. Publik çıxışlarda və müsahibələrdə baş verən hadisələrin məğzini izah etməyə çalışırıq.
Amma gəlin müxalif partiya rəhbərlərinin və idarəedicilərin son 72 saatda publik çıxışlarına nəzər salaq: Başsağlığı mesajları, güya, Qərbin Azərbaycana sanksiya qoyacağı ilə bağlı mənasız, yalan xəbərlər, neftin qiymətinin artması fonunda niyə hamımızın pulu artmır kimi populist, savadsız çıxışlar, hakimiyyətin özünün şişirtməyə çalışdığı psevdo-siyasətçinin qanunsuz və mənasız həbsi, bir sözlə, kasad, yalan gündəm, mənasız, qeyri-ciddi tezislər - bütün bunlar ölkədə müzakirələrin keyfiyyətini aşağı salır.
Sosial şəbəkələr bizə unikal şans verir ki, ciddi, peşəkar, fundamental, futuristik mövzular açaq, maraqlı müzakirələr təşkil edək – Hakimiyyətə biz nə pulda, nə gücdə üstün gələ bilmərik, bizim üstünlüyümüz ancaq ağıllı, cəlbedici diskurs qurmaqla, həqiqətləri deməklə onlar qarşısında mənəvi üstünlük qazanmaq ola bilər, hətta olmalıdır. Biz bu alətdən də normal istifadə edə bilmirik, mənasız gündən dalınca qaçırıq, halbuki, dünyanın yenidən bölüşdürməsi baş verir,
Dünya yeni “Potsdam”-a, yeni “Helsinki”-yə doğru gedir, biz ölkə olaraq bu prosesin harasında və necə yer alacağımızı müəyyən etməkdənsə, tolikləri, xoşqədəmləri müzakirə edirik, siyasi təşkilat rəhbərləri isə içiboş populizmlə insanlara yalançı vəədlər verir, yalançı xəbərlər uydururlar.
Azərbaycanın xarici siyasəti çox yaxşıdır, təqdirəlayiqdir, amma çox təəssüf ki, daxili siyasət bərbaddır, vizionsuzdur, qabadır, mənasızdır - siyasət institutunun əsas hədəfi təcili olaraq daxili siyasəti yenidən dizayn edib xarici siyasətdə atılan doğru həmlələri puça çıxartmamaq olmalıdır. Belə...