Tramp Əliyev dialoqu... - ABŞ liderinin jestləri nə məna verir?

17:26 25 Sentyabr 2025

 

Bütün dövrlərdə jest və rəmzlərin siyasətdə böyük rolu olub. Böyük siyasətçilər antik dövrdən etibarən informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrə qədər rəmz və jestlərin imkanlarından faydalanıblar. Bəzən rəmzlərin emosional təsir effekti və onların praktik faydalılığı “soyuq” diplomatik ünsiyyət tərzi ilə müqayisədə daha üstün olur. Rəmzlər hədəflərə nail olmaq prosesində tərəflər arasında etibar və güvən yaradır, habelə aparılan siyasətə kütlənin dəstəyini qazandırır.

 

Bəli, bəzən onların təsir effekti müvəqqəti olur, ancaq hətta bu məhdud zaman belə hədəflərə çatmaq üçün kifayət edir. Ona görə də beynəlxalq hüquq və protokolların mövcudluğuna baxmayaraq vaxtaşırı şəkildə ona şahidlik edirik ki, cəmi bir neçə jest və ya rəmzin sayəsində siyasətdə böyük məsələlər öz həllini tapmış olur. Əlbəttə ki, rəmz və jestlərin istifadəsi siyasətçidən cəsarət və peşəkarlıq tələb edir. Bu cür siyasətin fonunda ucuz demaqogiya şedevr əsərin yanında dayanan rəngi qopub tökülmüş, solğun, dəyərsiz və müqayisədə təbəssümə səbəb olan reproduksiyaya bənzəyir.



Xəbər xətti