Putin Çin lideri ilə birləşdi: ABŞ-a qarşı mübarizə aparacaqlar...

18:10 5 Fevral 2022

"Rusiya prezidenti Vladimir Putin Pekində Çin lideri Tsi Tsinpinlə sayca 38-ci görüşünü keçirdib. Putin Pekində həm çinli həmkarıyla müxtəlif sazişlər imzalayıb, həm də Qış Olimpiadasının açılışında iştirak edib. Kremlin Pekinlə əməkdaşlığının iqtisadi və siyasi hədəfləri var. Rusiya və Çin liderləri iqtisadi əməkdaşlığı və ticarət mübadiləsini daha da artırmağı hədəfləyiblər. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 146 milyard dollardır. Putin bu hədəfi 200 milyard dollara qədər atırmağın vacibliyini vurğulayıb. Kreml sahibi onu da bildirib ki, Rusiyanın Uzaq Şərqindən Çinə ildə 10 milyard kubmetr qaz tədarük ediləcək. Bundan başqa Rusiya 10 il ərzində Çinə 100 milyon barel neft satacaq".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Vladimir Putin Tsi Tsinpinlə ABŞ-a qarşı mübarizə aparmaq üçün sıx əməkdaşlıq etməyə də söz verdilər: "Misal üçün Çin lideri Putinin istəyi ilə NATO-nun genişlənməsini pislədi, Kreml sahibi isə Tsi Tsinpinin istəyi ilə ABŞ-ın təsis etdiyi AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) birliyini pislədi.

Kreml sahibi eyni zamanda Çinin ərazi bütövlüyünü və Tayvan məsələsində Pekinin mövqeyini dəstəklədiyi bəyan etdi. Bunun özü ikiüzlü siyasətdir. Çünki Çinin ərazi bütövlüyünü dəstəkləyən Kreml sahibi Ukraynanı parçalamaq siyasətini yürüdür. Putinin məntiqinə görə Tayvan Çinə aid olmalıdır, onda eyni məntiqlə Donbas və Krım Ukraynaya, Abxaziya və Cənubi Osetiya da Gürcüstana aid olmalıdır. Vladimir Putin Krımda 2014-cü ildə saxta referenduma əsaslanaraq yarımadanı Rusiyaya biləşdirdi. Yenə eyni məntiqdən çıxış etsək, Tayvan əhalisi müstəqilliyə səs verib Çinə birləşməyin əleyhinə olsalar Kreml sahibinin mövqeyi necə olacaq? Aydındır ki, Vladimir Putin Tayvanda yaşayanların rəyini nəzərə almayacaq. Çünki Kreml “yaxşı separatçı” və “pis separatçı” məntiqindən çıxış edir. Eyni sözlər Pekinin siyasətinə də aiddir.



Xəbər xətti