Bu gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
REAL TV-nin məlumatına görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
*Bu gün saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə KTM-dən məlumat verilib.
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.