“Neftin bizə nə xeyri var" deyənlərə Natiq Cəfərli belə cavab verdi

16:04 6 Fevral 2022

"Son zamanlar neft qiymətlərinin kəskin artımı ciddi müzakirə mövzusuna çevrilib, bəzi populist və mənasız fikirləri kənara qoyub normal təhlil etsək görərik ki, “neftin bizə nə xeyri var e”, kimi fikirlər zərərlidir, yanlışdır. Problem neftdə deyil, problem qeyri-şəffaf hökumətdədir. Hökumətin qeyri-şəffaf olmasının səbəbi isə bizik – vətəndaşlardır. Bəli, səhv oxumadız, hamımızın bunda günahı var, çünki, şəffaflıq seçkidən doğur, nə qədər ki, seçki institutunu bu hakimiyyətin əlinə oynayaraq gözdən, nüfuzdan salmağa çalışacağıq, bir o qədər də şəffaflıqdan uzaq sistemdə yaşamağa məhkum olacağıq".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, REAL partiyasının icra katibi Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, 2022-ci ildə Neft Fondundan büdcəyə 12 mlrd. 710 mln. manat köçürüləcək, bundan başqa 45 mln. 686 min manat təhsil proqramlarına, o cümlədən xaricdə təhsil alan gənclərə dəstək üçün xərclənəcək:  "2022-ci ilin büdcəsindən 3 mlrd. 884 mln. manat təhsilə, 1 mlrd. 788 mln. manat səhiyyəyə, 3 mlrd. 642 mln. manat sosial müdafiə və sosial təminata, 1 mlrd. 145 mln. manat sosial müdafiə fonduna dotasiya olaraq xərclənəcək – cəmi 8 mlrd. 671 mln. manat tək bu sahələrə vəsait ayrılıb.

Ölkədə dövlət sektorunda çalışanların sayı 904 min nəfərdir, onların orta aylıq maaşı 643 manatdır – deməli ümumi əmək haqqı fondu 7 mlrd. manata yaxın təşkil edir. Təhsil + Səhiyyə + Sosial təminat + Dövlət sektorunda çalışanların əmək haqqı = 15 mlrd. 671 mln. manat.

Neft Fondunundan büdcəyə tranfer nə qədər idi? Bəli, 12 mlr. 710 mln. manat! Deməli, Neft Fondundan tranfertin tamamı bu xərclərə yönəlir, hələ üstəlik 3 mlrd. manata yaxın da əlavə vəsait xərclənir.

Yəni, “neftin bizə nə xeyri var e”, kimi populist yanaşma doğru deyil – neft olmasaydı indiki bərbad idarəetmə sistemi ilə ölkə batardı, abrımızı örtən neftdir.

Ölkənin qazandığı hər 10 dollardan 8 dollar 80 senti neftə görədir, sözün qısası, neftə dəxli olub-olmayan bütün vətəndaşların cibində olan hər 10 dolların 8 dollar 80 senti neftə görədir".

N.Cəfərli vurğuladı ki, neft-qaz sərvətimiz, həm də bəlamızdır, hökuməti tənbəlləşdirən əsas amildir: "İndi Azərbaycan neftinin qiyməti 99 dollara çatıb, çox güman, 100 dolları da görəcək. Bir neçə dəfə ictimai çıxışlarımda demişəm ki, bizim kimi neft-qaz ölkələrnə tarix ikinci şans verir – “yaşıl iqtisadiyyata”, yeni enerji dünyasına keçid hələ 8-10 il zaman alacaq, bu zaman kəsimində neft baha olmalıdır ki, bərpa olunan enerjiyə yatırımlar sərfəli olsun, məsələn, neft 45-50 dollar olsa belə alternativ enerji mənbəələrinə yatırım etmək mənasız, iqtisadi olaraq səmərəsiz olur. Deməli, hələ ki, 2030-cu ilə qədər yeni şans yaranıb – bu illər ərzində normal iqtisadi model qura bilməsək, sonra tarixin, geosiyasətin, dünya iqtisadiyyatının köşəsində ildən-ilə kasıblaşan ölkə olaraq qalacağıq.

Yeni iqtisadi modelə keçid üçün isə, yeni idarəetmə modeli olmazsa-olmazdır. Bunu birdəfəlik anlamaq, yeni siyasi və idarəetmə modelinə acil keçid etmək lazımdır. Yeni idarəetmə modeli isə ancaq yeni Konstitutsiyadan doğa bilər, populizmi, “neft qalxdı, hökumət bizə daha çox pul versin”, kimi sonu dalana dirənəcək yanaşmaları kənara qoyub yeni Konstitutsiyanın yazılması, ictimai müzakirəsinin təşkili üçün hamımız əlimizi daşın altına qoymalıyıq, ölkənin əsas müzakirə mövzusu məhz bu olmalıdır". 

SİTAT.İNFO



Xəbər xətti