Yeni iş yerləri, kiçik və orta biznesə dəstək, təzə bazarlar - Vüqar Bayramov Aİ-nin ayırdığı 2 milyarddan yazdı...

16:24 6 Fevral 2022

"Azərbaycan Avropa İttifaqı ilə iqtisadi əlaqələrini daha da genişləndirəcək. İttifaqın genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyinin Bakıya səfəri zamanı announsu verilən əməkdaşlıq istiqamətlərdən biri də İqtisadi Sərmayə Planı çərçivəsində Azərbaycana investisiya qoyluşlarının artırılması ilə bağlı oldu. Plan Azərbaycan və xüsusən ölkədə özəl sektor üçün yeni sərmayə imkanları deməkdir. Bura iqtisadiyyatın şaxələnməsi daxil olmaqla yaşıl iqtisadiyyatın və kommunikasiyaların inkişafı kimi layihələr daxildir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, artıq planın icrasına başlanılıb. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) aqrar biznesin və bölgələrdə fəaliyyət göstərən Kiçik və Orta Müəssisələrin dəstəklənməsi üçün 12 milyon avro vəsait ayırır: "Birlik ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı baxımından digər mühim məqam Avropa İttifaqının ölkəmizə 2 milyard avroluq maliyyə paketinin ayırması ilə bağlı qərarıdır.

2 milyard avro hansı layihələrə ayrılacaq? İttifaq bu məsələyə də aydınlıq gətirib. Belə ki, vəsait kiçik və orta biznesə, habelə tədqiqat və inkişafa dəstək, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar kimi sahələrə ayrılacaq. Vəsait konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Avropa İttifaqı rəsmillərinin son səfərində əldə edilən uğurlu nəticələr ittifaq ilə Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər.

500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır.

Bütövlükdə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalana biləcək.



Xəbər xətti