Villada dəhşətli partlayışın qurbanı olan usta Yadigarın ölmünün pərdəarxası... FOTOLAR

13:25 13 Dekabr 2025

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində villada baş verən dəhşətli partlayış bir ailənin həyatını alt-üst etdi. Həmin gün orada usta işləyən, 43 yaşlı Yadigar Məmmədov faciəvi şəkildə dünyasını dəyişdi. Mərhum əslən Lənkəran rayonundan idi. Onun ömür yolu dünyaya göz açdığı ilk gündən ağrı ilə yoğrulmuşdu.

Kədərlə Başlayan Ömür Yolu Yadigarın həyat kitabı elə ilk cümləsindən ağrı ilə yazılmışdı. O dünyaya göz açarkən, anası Zahidə xanım ən böyük fədakarlığı etmiş, həkimlərin "ya sən, ya körpə" seçimi qarşısında tərəddüd etmədən övladını seçmişdi. Yadigar, anasının son nəfəsi ilə ilk nəfəsini almışdı. O, bir ömür boyu ana nəvazişinə həsrət böyüdü, amma bu boşluğu qəlbində böyük bir mərhəmətə çevirdi. İlk göz ağrısı, ilk qız övladına itirdiyi anasının adını — Zahidə ismini verərkən, sanki o müqəddəs ruhu yenidən yaşatmaq, "Ana" kəlməsini evində eşitmək istədi.
Yadigar yalnız zəhmətkeş ata deyildi — milli ruhda, vətən sevgisi ilə yaşayan bir insan idi. Övladlarını şəhid ailələrinə aparar, onlara Vətənin nə demək olduğunu göstərərdi. Şəhidlər Xiyabanı onun üçün sadəcə ziyarətgah deyil, and yeri idi. Generalımız Polad Həşimovun anası Səmayə xanımın əllərindən öpərkən, bəlkə də, görmədiyi, doymadığı öz anasının istisini, qoxusunu axtarırdı... 44 günlük Vətən müharibəsində öz halal qazancı ilə cəbhəyə dəstək olarkən, ruhundakı o böyük vətəndaşlıq borcunu ödəyirdi. 


Hər kəs onu sevir, qiymətləndirirdi. Qızları Zahidə və Yağmur hər axşam atasının qapıdan içəri girib onları bağrına basmasını səbirsizliklə gözləyirdi. Nizami rayonu 214 nömrəli məktəb əla qiymətlərlə oxuyan Zahidə və Yağmur dərslərində və çox fəaldırlar. Qızı Yağmur boş vaxtlarında vətənpərvərlik mövzusunda video hazırlayır, şəhid ailələrini ziyarət edir, öz yaşıdlarına örnək olurdu. Yadigar, övadlarının təhsil almasını, cəmiyyətə yararlı övlad olmalarını arzulayırdı. Amma məsuliyyətsiz məmur özbaşınalığı  bu arzuların reallaşmağına mane oldu… 


Yadigarın övladları Nizami rayonu 214 nömrəli məktəbin əlaçı şagirdləridir — Zahidə və Yağmurun gözləri qapıda qalıb. Hər axşam atalarının gəlişini, o isti qucağı, "qızım" deyən səsini gözləyən bu məsum balaların ümidləri o partlayışla birlikdə havaya uçdu. Məsuliyyətsiz məmurların biganəliyi, vaxtında görülməyən tədbirlər bir ailənin işığını söndürdü.
Həyat yoldaşı Qəmər xanım Yadigarını göz yaşları ilə xatırlayır və qaz partlayışına üsyan edir.“Vaxtında işlərinə məsuliyyətlə yanaşmayan məmurların ucbatından iki körpə qız atasız qaldı,” deyə içi közlə dolu bir ah çəkir. 


Ən acınacaqlısı isə odur ki, Yadigarın qanı axdıqdan sonra küçədə qaz xətlərini yeniləməyə, abadlıq işləri aparmağa başlayıblar. Sanki bu boruların yenilənməsi üçün bir insanın canı lazım imiş. Məhsuliyyətsiz məmurlar əli qabarlı ustanın qanı hesabına o villalarda oturmağınız vicdanınızı sızlatmırmı? 
Ps.   Bir ailənin ocağı söndü, iki balaca qızın gözündən sevinc çəkildi. Bu faciə təkcə bir həyatın yox, bir ata nəvazişinin, bir ailə səadətinin yarımçıq qalmasıdır.
Sən getdin, amma geridə səni sevən ürəklər, səninlə fəxr edən bir vətən və atasız qalan iki mələk buraxdın. Sənin o təmiz qəlbin, zəhmətkeş əllərin və vətən sevgin heç vaxt unudulmayacaq.

Allah rəhmət eləsin. Məkanın cənnət, ruhun şad olsun, əziz DOSTUM...

Kamran Məmmədli,

AĞ partiya sədri

Sitat.info üçün...



Xəbər xətti