ABŞ imperializminin iç üzü: Dünyada legitimlik böhranı başlayır...

13:08 8 Yanvar 2026

ABŞ-ın Venesuelaya müdaxiləsi qlobal etiraz dalğası yaratdı

Argentinalı efsanəvi jurnalist Carlos Aznarez: “Bu, sadəcə hücum deyil – sinfi müharibədir”

ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşının qaçırıldığı iddiaları dünya ictimaiyyətində ciddi rezonans doğurub. Hadisədən sonra dünyanın müxtəlif ölkələrində ABŞ-a qarşı kütləvi etirazlar başlayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası fövqəladə iclas çağırıb. Rusiya və Çin başda olmaqla bir sıra dövlətlər Vaşinqtonun bu addımını açıq silahlı hücum və dövlət terroru kimi qiymətləndirib.

Hazırda isə beynəlxalq ictimaiyyəti başqa bir sual narahat edir: ABŞ-ın təhdid dili ilə danışdığı Kolumbiya və Kubaya qarşı da oxşar ssenarilər baş verə bilərmi və Latın Amerikası bu təzyiqlərə necə cavab verəcək?

Bu və digər sualları Latın Amerikasının ən nüfuzlu jurnalistlərindən biri, argentinalı Carlos Aznarez Haber Global üçün şərh edib. “Latın Amerikasının səsi” kimi tanınan Aznarez ABŞ siyasətini sərt ifadələrlə tənqid edərək bildirib:
 

“ABŞ-ın terrorizmi mahiyyət etibarilə sinfi müharibədir.”

 Keçmiş Venesuela prezidenti Uqo Çavesin yaxın dostu olan əfsanəvi jurnalistə görə, ABŞ-ın aqressiv siyasətinin arxasında Venesuelanın təbii sərvətlərini dövlət nəzarətində saxlaması və neft gəlirlərini qlobal kapitalın ixtiyarına verməməsi dayanır.

“ABŞ-ın Venesuelaya qarşı quldurcasına müdaxiləsi təkcə bir ölkənin deyil, bütün Latın Amerikası və Karib hövzəsinin suverenliyinə ağır zərbədir. Bu, sadəcə bir liderə qarşı terror aktı deyil. Bu, imperialist sinfin həyata keçirdiyi sinfi müharibədir. Tramp yalnız ABŞ prezidenti kimi deyil, transmilli kapitalın maraqlarının icraçısı kimi davranır. Venesuelanın "günahı" Bolivarçı inqilabla xalqın maraqlarını qoruması, neftini və təbii sərvətlərini sərhədsiz istismara açmamasıdır,” – deyə Aznarez vurğulayıb.

“ABŞ imperializmi artıq maskasızdır”

Carlos Aznarez bildirib ki, ABŞ tarix boyu Latın Amerikasında çevrilişlər, sui-qəsdlər, sabotajlar və işğallarla mövcudluğunu qoruyub. Bu gün isə artıq bu siyasəti gizlətməyə belə ehtiyac duymur:

“Tramp Amerika sisteminin istisnası deyil, onun ən açıq və çılpaq formasıdır. İrqçilik, antisosi­alizm, sionizm ilə qurulan ittifaqlar və Yaxın Şərqə yönəlik aqressiya ABŞ-ın tarixi DNT-sində var. İran, Venesuela, Kuba – müqavimət göstərən hər bir güc avtomatik olaraq hədəfə çevrilir. Amma imperialist iştahı artdıqca Latın xalqlarının reaksiyası da güclənir.”

“ABŞ-ı alqışlayanlar legitimlik böhranı yaşayacaq”

Aznarezə görə, Latın Amerikasındakı ifrat sağçı hökumətlər Vaşinqtonun yerli icraçıları rolunu oynayaraq bu müdaxiləyə açıq dəstək veriblər. Xüsusilə Argentina prezidenti Xavyer Milei kimi fiqurların xalqları deyil, xarici gücləri təmsil etdiyini deyən jurnalist hesab edir ki, bu mövqe uzunmüddətli ola bilməz:

“Latın Amerikası tarixi sübut edir ki, xalqların iradəsi əbədi olaraq boğula bilməz. ABŞ-ın aqressiyası artdıqca bu hökumətlər sürətlə legitimlik böhranı ilə üzləşəcəklər. Bu gün Fələstinlə qurulan həmrəylik sabah Venesuela, Kuba və bütün Latın Amerikası üçün ortaq müqavimətə çevriləcək.”

“Qlobal hegemonluq dağılır”

Aznarez ABŞ-ın aqressiv davranışlarını onun zəifləyən qlobal mövqeyi ilə əlaqələndirir. Çinin yüksəlişi, çoxqütblü dünyanın formalaşması və dünya miqyasında artan xalq etirazları Vaşinqtonda panika yaradır:

“Tarix bir daha sübut edir ki, aqressiv imperializm öz xoşu ilə dayanmaz – dayandırılmalıdır. Bu gün Tramp, Netanyahu və bənzər fiqurlar dünyanı daha təhlükəli nöqtəyə sürükləyə bilər. Amma eyni zamanda onlara qarşı böyüyən qlobal müqavimət bloku formalaşır. Fələstin, Venesuela, Kuba, İran və onlarla başqa ölkə… Mən inanıram ki, bu etiraz dalğası qlobal xarakter alacaq. İnsanlıq bu barbarlığa boyun əyməyəcək".

Aytac,

Sitat.info 

 



Xəbər xətti