"Maliyyə amnistiyası olsa, pullarına əfv istəyən siyasi elita siyasətdən çəkilsə..." - Rövşən Ağayev yazır

11:27 7 Fevral 2022

"Neft pulları hesabına zənginlənmiş Azərbaycan elitasının korrupsiya ittihamı ilə üzləşən kimi panikaya düşməsinin əsas səbəbi odur ki, qazandıqlarına təmiz yollarla nail olmadıqlarını bilirlər".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. 

Onun sözlərinə görə, əgər böyük dövriyyəsi olan bir şəbəkə qurursansa, qapalı ailə şirkətləri hesabına etməkdənsə, fond bazarında listinqə düşən və xalqa açıq, səhmləri sərbəst alınıb-satılan biznes hesabına həyata keçirsən, özünü sığortalamış olarsan: "Fond bazarı vasitəsilə səhmləşən şirkətlər kifayət qədər şəffaf olur, maliyyə hesabatlarının açıqlamaq normaya çevrilir. Qazancı hamının gözü qabağında olan, milyonçu statusu qazanan iş adamını korrupsiya şəbəkəsinin üzvü olmaqda, çirkli pulları yumaqda asanalıqla ittiham etmək olmur.

Başa düşürəm ki, Azərbaycada fond bazarı adına institutun sadəcə adı var. Belə qeyri-şəffaf mühitdə, ilkin kapitalın son dərəcə natəmiz üsullarla toplandığı və mənbəyinin də əsasən büdcə pulları olduğu şəraitdə xalqa açıq şirkətlərin qurulması, fond bazarının inkişaf mümkünsüzdür. Bəlkə maliyyə amnistiyası olsa, cəmiyyətlə yeni ictimai müqavilə əsasənda kapitalına əfv istəyən siyasi elita siyasətdən çəkilmək öhdəliyi götürsə, bu institut dərhal yaranmağa başlaya bilər". 

R.Ağayev hesab edur ki, hətta şirkətlərini səhmləşdirmək yolu ilə xalqa açmadan da hesabatlı ailə şirkətləri qurmaq olar: "Məsələn, hər il nüfuzlu və peşəkar auditdən keçib, audit hesabatlarını açıq saxlamaq.

Amma bunu da etməyəcəklər - çünki qazancın forma və mənbələrilə bağlı qorxuları var. Korruprsiya ittihamı qorxusu ilə yaşamamağın, qazandığını rahatlıqla xərcləməyinin tək yolu var - şəffaf və hesabatlı olmaq.  Yeri gəlmişkən, bu qədər milyonların rəsmi təsdiqləndiyi ölkədə hələ də rəsmi milyonçu statusu yoxdur. Olsaydı, "Azərbaycan Forbes"i də olardı, ilk 10-luqda, yüzlükdə olan qəhrəman (indiki reallıqda talançı) milyonçularımızı xalqına tanıdardı".



Xəbər xətti