"Bu gün İrana məxsus "Shahed-139" dronu ABŞ-ın "Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşmağa cəhd edib. Aviadaşıyıcıdan qalxan F-35 təyyarəsi dronu vurub. Bir qədər sonra SEPAH-a məxsus 2 ədəd sürət kateri ABŞ ticarət gəmisinə yaxınlaşıb. Onlar gəmini ələ keçirməyə çalışıblar, lakin yaxınlıqdakı ABŞ hərbi gəmisi hadisə yerinə yönəldikdən sonra iranlılar uzaqlaşıb. Bundan əlavə, İran hökuməti bu həftə İstanbulda ABŞ nümayəndə heyəti ilə planlaşdırılan görüşdən imtina edib. İran tərəfi görüşün Omanda, başqa ölkələrin iştirakı olmadan ikitərəfli formatda keçirilməsini və yalnız nüvə mövzusunun müzakirəsini istəyib".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, İranın öz mövqeyini sərtləşdirməsi göz önündədir: "Bu cəsarət qarşı tərəfin tərəddüdlərindən qaynaqlanır. Trampın hərbi variantı seçməyə həvəsli olmadığını İran da görür. Tramp ehtiyatlanır ki, hücum əmri verərsə, İranın cavab addımları bölgədə böyük müharibəyə, vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. O, uzanacaq bir savaş qəti istəmir. İran rejimi isə bütün bunları düşmənin zəifliyi kimi qiymətləndirərək onu geri çəkilməyə vadar edə biləcəyini, bununla da Əsədin devrilməsi ilə başlayıb, 12 günlük müharibə ilə yekunlaşan dövrdə sarsılan nüfuzunu bərpa edəcəyini düşünür. Lakin bu perspektivin cazibəsinə qapılıb rasionallıqdan uzaqlaşmaq İrana baha başa gələ bilər".
Aytac,
Sitat.info