Yeni dünya nizamı formalaşır: Beynəlxalq hüquq güc hüququna uduzmaqda..

15:16 6 Fevral 2026

"Hindistanın baş naziri Narendra Modi deyib ki, bəşəriyyət yeni dünya nizamına doğru hərəkət edir. “Dünya yeni qlobal nizam istiqamətində hərəkət edir” – deyən Modi İkinci Dünya müharibəsindən sonra bir dünya nizamı yaradıldığını, indi isə həmin nizamın pozulduğunu və beynəlxalq aləmin yeni nizam yolunda olduğunu vurğulayıb.

Narendra Modi haqlıdır. Donald Tramp dünya nizamını darmadağın etməkdədir. Ancaq onun Ağ Evdə yerləşməsindən əvvəl də dünya nizamı çat verirdi. Beynəlxalq hüquq Donald Tramp Prezident seçilmədən öncə də işləmirdi. Beynəlxalq hüquq işləsəydi, Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamamalı, Rusiya Ukraynaya qarşı müharibəyə başlamamlıydı. Bunlar hamını ona görə baş verdi ki, BMT və ATƏT kimi strukturların qətnamələrini saya salan olmadı. Tramp mövcud dağılma prosesini daha da sürətləndirdi. Trampın Venesuelanı nəzarətə götürməsi, Danimarkaya məxsus Qrenlandiya adasını tələb etməsi, İran ətrafında həlqənin daralması Modinin də söylədiyi kimi, bəşəriyyətin yeni dünya nimzamına keçidin əlamətidir".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Rusiya və Çinin ABŞ-a adekvat rəqib olacağını əminliklə söyləmək çətindir: "Trampa qədər ekspertlərin bir qismi birqütblü dünyanın çoxqütblü dünyaya keçdiyini söyləyir, Rusiya və Çinin sürətlə irəlilədiyini bildirirdilər. Tramp hücum diplomatiyasına üstünlük verməklə birqütblü dünyanın hələ ayaqda olduğunu göstərməyə çalışır. Həqiqətən çoxqütblü dünyaya iddialı olan Rusiya və Çin dünənki tərəfdaşları Venesuelanı ABŞ-ın nəzarətindən xilas edə bilmədilər. Tramp İranı da ram etməyi qarşısına məqsəd qoyubsa, Rusiya və Çinin etirazı yenə bu iki ölkənin Xarici İşlər Nazirliklərinin heç nəyə təsir etməyə bəyanatları ilə kifayətlənəcək. Moskva və Pekin Trampla qarşıdurmadan çəkinirlər.

Görəsən, Trampdan sonrakı mərhələdə ABŞ lider mövqeyini qoruya biləcəkmi? Əsas suallardan biri budur. Əgər ABŞ-ın növbəti Prezidenti Trampın tərəfdarlarından biri, dövlət katibi Marko Rubio və ya vitse-prezident Ceyms Vens olsa Ağ Evin hazırki aqressiv siyasəti davam edəcək, yox əgər demokratlardan biri qələbə qazanarsa, Trampdan öncəki dövrə geri dönüş mümkündür".

Nigar,

Sitat.info



Xəbər xətti