Enerjidən rəqəmsal infrastruktura: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycan üçün nə vəd edir?

14:50 11 Fevral 2026

"Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirildi.

Xartiyanın imzalanması Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, 2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub: "Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib. Strateji əməkdaşlığın güclənməsinin Azərbaycanın ABŞ ilə qeyri neft-ixrac dövriyyəsinin daha da artmasına gətirib çıxaracağı gözlənilir.

16 ölkəyə təbii qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdə ABŞ–Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir".

Nigar,

Sitat.info

 



Xəbər xətti