"Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi may ayında imzalanması təklif olunur. Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərə qədər Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasını hökumət proqramına daxil etməsi həm daxili, həm də xarici auditoriyaya hesablanmış addım kimi qiymətləndirilməlidir. Bu, ilk növbədə Vaşinqtona mesajdır ki, rəsmi İrəvan sülh gündəliyinə sadiqdir və prosesi sürətləndirməyə hazırdır".
Sitat.info xəbər verir ki, ABŞ-ın may ayında Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını təşviq etməsi də prosesin beynəlxalq ölçüsünü göstərir: "Xüsusilə, ABŞ-da payızda Konqres seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Ağ Evin regionda diplomatik uğur əldə etməsi daxili siyasi müstəvidə də önəm daşıyır. Bu kontekstdə sülh sazişi həm Vaşinqton üçün xarici siyasət nailiyyəti, həm də seçkiöncəsi müsbət imic faktoru ola bilər.
Digər tərəfdən, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan yekun sülh müqaviləsinin imzalanması mümkün deyil. Rəsmi Bakı hüquqi əsasların dəyişdirilməsini – xüsusilə Konstitusiya referendumunu – uzunmüddətli və dayanıqlı sülhün təminatı kimi qiymətləndirir".
M.Əsədullazadə əlavə edib ki, bu baxımdan, seçkilərə qədər müqavilənin imzalanması təşəbbüsü Paşinyanın daxili siyasi mövqeyini gücləndirmək məqsədi daşıya bilər: "Lakin Azərbaycan üçün əsas prioritet hüquqi və institusional zəminin formalaşmasıdır. Seçkilərdən sonra Konstitusiya referendumu keçirilməsi və ərazi iddialarının rəsmən çıxarılması sülh sazişinin legitimliyini və davamlılığını artırar. Hazırkı mərhələdə iki ölkə arasında genişmiqyaslı hərbi toqquşmaların olmaması de-fakto sülh mühitinin mövcudluğunu göstərir. Lakin de-fakto vəziyyətin de-yure sənədlə təsbit olunması üçün tərəflərin strateji yanaşmaları hələ tam uzlaşmayıb".
Nigar,
Sitat.info