Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, əgər Böyük Britaniya və Fransa Kiyevə nüvə texnologiyaları versə, bu halda Ukraynadakı hədəflərə, eləcə də lazım gələrsə həmin ölkələrə qarşı nüvə silahından istifadə “qanuni və əsaslı” sayılacaq.
Sitat.info bu barədə TASS-a istinadən xəbər verir.
O, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin London və Parisin mümkün planları barədə yaydığı məlumatı şərh edərək bildirib ki, bu addım “müharibə aparan ölkəyə birbaşa nüvə silahı ötürülməsi” deməkdir və vəziyyəti kökündən dəyişir.
Medvedev vurğulayıb ki, belə ssenari baş verərsə, Rusiya Ukraynadakı təhlükə mənbələrinə qarşı, o cümlədən qeyri-strateji nüvə silahından istifadə edə bilər. Zərurət yaranarsa, Moskva nüvə münaqişəsində “iştirakçıya çevrilən” təchizatçı ölkələrə qarşı da simmetrik cavab vermək hüququnu özündə saxlayır.
Rusiya Xarici Kəşfiyyat Xidməti isə iddia edib ki, London və Paris Kiyevin danışıqlardakı mövqeyini gücləndirmək üçün “xüsusi silah” variantını nəzərdən keçirir və müəyyən texnologiyaların gizli ötürülməsi üzərində işləyir.
Nigar,
Sitat.info