ABŞ Ədliyyə Nazirliyinin məlumatları və məhkəmə sənədləri əsasında CNN-in apardığı araşdırmaya görə, maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı bəzi sənədlər nazirliyin rəsmi arxivində yer almır.
Məlumata əsasən, Epşteynin keçmiş sevgilisi və cinayət ortağı Ghislaine Maxwellin vəkillərinə təqdim olunan sübut siyahısında təxminən 325 şahid müsahibəsi göstərilsə də, onların 90-dan çoxu Ədliyyə Nazirliyinin saytında yayımlanan arxivdə tapılmayıb. Bildirilir ki, bəzi sənədlər ilk yayımlandıqdan sonra saytdan silinib, daha sonra yenidən əlavə olunub.
Xəbərdə qeyd olunur ki, Epşteynin bəzi qurbanları FBI-ya verdikləri ifadələrin nazirliyin saytında olmadığını bildiriblər. Eyni zamanda, bəzi sənədlərin seriya nömrəsiz və ya qaraldılmış formada başqa bölmələrdə yerləşdirilmiş ola biləcəyi ehtimal edilir.
İddialara görə, arxivdə çatışmayan sənədlər arasında Epşteynin azyaşlı vaxtında istismarda ittiham edən və ABŞ Prezidenti Donald Trampa qarşı da oxşar iddia səsləndirən qadının FBI ifadələri də var. Maxwellə aid materiallarda həmin qadının 2019-cu ildə FBI-ya müraciət etdiyi və daha sonra vəkilinin ofisində ifadə verdiyi bildirilsə də, bu sənədlər rəsmi arxivdə görünmür.
ABŞ Konqresinin üzvü Robert Qarsia CNN-ə açıqlamasında Tramp administrasiyasının Epşteyn sənədlərinin tam açıqlanmasını tələb edən qanuna əməl edib-etmədiyinin araşdırılmalı olduğunu deyib.
Ədliyyə Nazirliyi isə sənədlərin silinməsi iddialarını rədd edib. Qurumun sözçüsü bildirib ki, heç bir sənəd silinməyib, yayımlanmayan materiallar isə ya təkrar nüsxə, ya məxfi xarakterli, ya da davam edən federal istintaqın tərkib hissəsidir.
Xatırladaq ki, azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapılmışdı. ABŞ Federal Təhqiqat Bürosu onun kamerada intihar etdiyi qənaətinə gəldiyini açıqlamışdı.
Aytac,
Sitat.info