Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub

11:44 19 İyun 2026

Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub.

Sitat.info xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.

Deputat bildirib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev mövcuddur: “Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda müəyyən tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahatlara ehtiyac var. Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmirlər. Qeydiyyata düşə bilmədikləri üçün yaşadıqları ərazi üzrə dövlət xidmətlərindən tam şəkildə yararlana bilmir, evlərinə qaz çəkdirə bilmirlər. Ailə başçısı vəfat etdikdə vərəsəlik hüququnun rəsmiləşdirilməsi çətinləşir, əmlakın övladlara qanuni qaydada ötürülməsində problemlər yaranır.

Boşanma zamanı da tərəflər mənzil üzərində hüquqi iddia irəli sürməkdə çətinlik çəkirlər. Sənədsiz evlər hazırda bazar dəyərindən 20-30 faiz aşağı qiymətə satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Nəticədə vətəndaş öz evini kapitala çevirərək kiçik biznes qurmaq imkanından məhrum olur. Başa düşürəm ki, bu, çox mürəkkəb və məsuliyyəti ağır olan məsələdir. Riskli tərəfləri də kifayət qədərdir. Lakin sənədsiz evlərlə bağlı dünya təcrübəsi, o cümlədən Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə "İmar Barışı" proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi həcmində ilkin ödəniş etməklə çıxarış alıb. Biz də buna bənzər təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji təyinatlı torpaqlarda yerləşən, eləcə də mübahisəli statusa malik evlər istisna olmaqla, digər sənədsiz evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımıza, o cümlədən dövlət büdcəsinə milyardlarla manat həcmində əlavə və davamlı dəyər qazandıra bilər. Ona görə də təklif edirəm ki, sənədsiz evlərlə bağlı Şəhərsalma və Memarlıq İlində amnistiya elan olunsun. Bununla bağlı xüsusi dövlət proqramı qəbul edilsin və məsələ mərhələli şəkildə həllini tapsın”.



Xəbər xətti