ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldi

11:17 22 İyun 2026

ABŞ ilə İran arasında iyunun 18-də imzalanan memorandumdan sonra diqqətlər İsveçrədə keçirilən danışıqlara yönəlib. Tehran Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin edəcək mexanizmin yaradılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsveçrədə keçirilən görüşlərin nəticələri barədə məlumat verib. O bildirib ki, 18 saat davam edən danışıqlarda mühüm irəliləyiş əldə olunub.

Sözçünün sözlərinə görə, danışıqlar heyətinin işi başa çatıb, texniki qruplar isə fəaliyyətlərini davam etdirirlər.

O, həmçinin Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinə dair xüsusi mexanizmin yaradılması barədə tərəflər arasında razılıq əldə olunduğunu bildirib.

Məlumata görə, yekun saziş üzrə rəsmi danışıqların başlanması üçün hazırlıq məsələləri də müzakirə olunub. Qətər və Pakistanın yaydığı birgə bəyanatda yüksək səviyyəli görüşlərin ilk mərhələsinin başa çatdığı qeyd edilib.

Bəyanatda vurğulanıb ki, görüşlər müsbət və konstruktiv atmosferdə keçib. Vasitəçilik prosesinə siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitənin yaradılması barədə də razılıq əldə olunub. Baş danışıqlarçıların bu komitəyə müntəzəm hesabat verəcəyi bildirilib.

Komitənin 60 gün ərzində yekun sazişin əldə olunmasını nəzərdə tutan yol xəritəsi üzərində razılığa gəldiyi qeyd olunub. Bundan əlavə, Livandakı vəziyyətlə bağlı münaqişələrin qarşısının alınması məqsədilə xüsusi bölmənin yaradılacağı açıqlanıb.

Xatırladaq ki, İran və ABŞ Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində iyunun 14-də müharibənin dayandırılması və problemlərin diplomatik yollarla həllini nəzərdə tutan 14 maddəlik razılaşma əldə etdiklərini bəyan etmişdilər.

“İslamabad Memorandumu” adlandırılan sənəd iyunun 18-də İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal formada imzalanaraq qüvvəyə minib.

Memoranduma Livan da daxil olmaqla münaqişələrin dayandırılması, Hörmüz boğazının açıq saxlanılması və ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının ləğvi kimi müddəalar daxildir.

Aytac,

Sitat.info

 



Xəbər xətti