İraq OPEC-dən çıxma ehtimalını nəzərdən keçirir.
Sitat.info xəbər verir ki, Reuters-ə danışan mənbələr bildiriblər ki, əgər OPEC Bağdada neft hasilatını əhəmiyyətli dərəcədə artırmağa imkan verməsə, ölkə təşkilatdan ayrılma variantını gündəmə gətirə bilər.
İraqın neft gəlirləri İranla müharibə nəticəsində Hörmüz boğazı üzərindən ixracın məhdudlaşması səbəbindən ciddi azalıb. Rəsmi Bağdad daha yüksək hasilat kvotası tələb edir və bunu ölkənin maliyyə böhranı fonunda həyati məsələ hesab edir.
İraqın Neft Nazirliyi isə OPEC-dən çıxmaqla bağlı məlumatların hökumətin rəsmi mövqeyini əks etdirmədiyini açıqlayıb. Hazırda Bağdadın əsas məqsədi təşkilatda qalaraq kvotasını artırmaqdır.
İraq OPEC-in ikinci ən böyük istehsalçısı və qurucu üzvlərindən biridir. Buna görə də onun təşkilatdan çıxması OPEC-in nüfuzuna və bazardakı təsir gücünə ciddi zərbə vurar.Hörmüz boğazındakı problemlər İraqın neft ixracını kəskin azaldıb. May ayında hasilat gündəlik 1,48 milyon barelə düşüb. Müharibədən əvvəl isə bu göstərici təxminən 4,2 milyon barel idi. Nəticədə dövlət büdcəsinə daxilolmalar əhəmiyyətli şəkildə azalıb.
Bağdad hesab edir ki, onun istehsal potensialı və əhalisinin sayı daha yüksək kvotaya əsas verir. Hökumət yaxın illərdə gündəlik neft hasilatını 7 milyon barelə çatdırmağı hədəfləyir.
Hazırda OPEC+ üzvlərin istehsal imkanlarını yenidən qiymətləndirir. Bu qiymətləndirmələr 2027-ci il üçün kvotaların müəyyən edilməsində əsas rol oynayacaq. İraq məhz bu mərhələdə daha əlverişli şərtlər əldə etməyə çalışır.
Xəbər neft bazarına da təsirsiz ötüşməyib.
Reuters-in xəbəri yayıldıqdan sonra neft qiymətləri qısa müddətə ucuzlaşaraq 73 dolların altına düşüb. Bu isə investorların OPEC daxilində mümkün fikir ayrılıqlarından narahat olduğunu göstərir.
Nigar,
Sitat.info