Rusiyada xristianları oruc tutmağa çağırdılar - QALMAQAL

18:32 4 İyul 2026

Ərzaq qiymətlərinin artması adətən insanların sosial rifahına mənfi təsir göstərən amil kimi qiymətləndirilir. Lakin Rusiyada bu məsələyə fərqli yanaşma sərgilənib. Rusiyalı akademik Gennadi Onişenkonun bahalaşmanı “oruc tutmaq və orqanizmi təmizləmək üçün fürsət” adlandırması cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Xristianlıqda oruc hansı məqsədlə tutulur? Ərzaq bahalaşmasını əsas gətirərək insanların oruc tutmağa təşviq edilməsi dini baxımdan nə dərəcədə doğru yanaşmadır?

Sitat.info xəbər verir ki, “globalinfo.az”a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev oruc ibadətinin islam dininin vacib hökmlərindən olduğunu deyib.

“İslamdan öncə də bütün dinlərdə oruc ibadəti Allahın əmri olaraq vacib buyrulub. Çünki bizi yaradan Allah bizim maddi və mənəvi ehtiyaclarımızı bildiyi üçün digər ibadətlər kimi oruc ibadətini də vacib buyurub”, - ilahiyyatçı əlavə edib.

Onun sözlərinə görə, oruc ibadəti insanı həm maddi sağlamlığa qovuşdurur, həm də mənəvi kamilliyə aparır:

“Uca Rəbbimiz Qurani-Kərimin "Bəqərə" surəsinin 183-cü ayəsində belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” Orucun sosial, ictimai və mənəvi faydaları olduğu kimi, fiziki və maddi faydaları da danılmazdır. Allah Rəsulu (s) buyurur ki: “Oruc tutun ki, sağlam olasınız". Buyurulan bu mübarək kəlamdan da aşkar görünür ki, oruc tutmağın sağlamlığa da böyük faydaları mövcuddur”.

R.Qarayev deyib ki, digər ibadətlərdə olduğu kimi, oruc ibadətində də niyyət önəmllidir:

“Əgər niyyətimiz doğru və sağlam olmazsa, yəni etdiyimiz ibadətləri Allaha xatir etməriksə, zahirən ibadət edirmiş kimi görsənsək də, batində isə niyyətimizin içi puç, əməlimiz isə zay olmuş olar. Ona görə də heç bir ibadət nəyinsə müqabilində deyil, yalnız Allahın razılığını qazanmaq üçün olmalıdır”.



Xəbər xətti