İranın "Arash" tipli pilotsuz uçuş aparatları (PUA) Küveytdə yerləşən ABŞ hərbi qüvvələri və logistika mərkəzlərinə zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi İran Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, hücum "İldırım" əməliyyatının 12-ci mərhələsi çərçivəsində həyata keçirilib.
Bəyanatda qeyd olunur: "Bir neçə saat əvvəl İslam Respublikası Silahlı Qüvvələrinin "Arash" kəşfiyyat PUA-ları Küveytdə yerləşən ABŞ Silahlı Qüvvələrinin şəxsi heyət və logistika mərkəzlərinə zərbələr endirib."
İran tərəfi hücumun ABŞ-ın İran ərazisinə endirdiyi son hava zərbələrinə cavab olaraq həyata keçirildiyini vurğulayıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı yeni silsilə zərbələrin başladığını açıqlamışdı.
İranın Mehr agentliyinin məlumatına görə, Bəndər-Abbas şəhəri və Qeşm adası yaxınlığında güclü partlayışlar baş verib. Bundan başqa, Əhvaz, Buşehr, Bəndər-e İmam Xomeyni, Bəndər Lengeh, Veysian, Çabahar şəhərləri, eləcə də İranşəhr hava limanı da hücumlara məruz qalıb.
Seymur,
Sitat.info