ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir – WSJ

13:40 23 İyul 2026

 ABŞ İrana qarşı mümkün hərbi əməliyyatların genişləndirilməsinə hazırlaşaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artırır.

Sitat.info xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, son bir həftə ərzində ABŞ-dakı bazalardan xüsusi təyinatlı qüvvələr Yaxın Şərqə göndərilib. Bundan əlavə, bölgədə yaralanan amerikalı hərbçilərin müalicəsi üçün əsas mərkəz hesab olunan Almaniyanın Landştul Tibb Mərkəzinə 150-dən çox tibb işçisi ezam olunub.

Qəzetin yazdığına görə, qırıcı eskadrilyaları regiondakı hava bazalarına yerləşdirilib, ABŞ və Böyük Britaniyadakı bombardmançı təyyarələr isə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

WSJ bildirir ki, bu addımlar ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları genişləndirmək imkanını nəzərdən keçirdiyini göstərir. Nəşr qeyd edir ki, İranla genişmiqyaslı müharibə ABŞ-ın sursat ehtiyatlarının daha da azalmasına və qlobal neft bazarında yeni böhranlara səbəb ola bilər.

Xatırladaq ki, The Wall Street Journal iyulun ortalarında da Trampın əsas müşavirləri ilə keçirdiyi bir sıra görüşlərdən sonra İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə meylli olduğunu yazmışdı. Məlumata əsasən, Ağ Evdə müzakirə olunan variantlar arasında İran ərazisinə hava zərbələrinin gücləndirilməsi, Hörmüz boğazı yaxınlığındakı adalara nəzarət üçün quru qoşunlarının göndərilməsi və İranın enerji obyektlərinə zərbələrin endirilməsi də yer alır.

Səid,

Sitat.info



Xəbər xətti