ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı həlak olan dörd amerikalı hərbçinin nəşinin qarşılanma mərasimində iştirak edib.
Sitat.info xəbər verir ki, Delaver ştatındakı Dover Hərbi Hava Qüvvələri bazasında keçirilən mərasimdə hərbçilərin tabutları ABŞ bayrağına bükülmüş vəziyyətdə təyyarədən endirilib. Tramp mərasim zamanı hərbi salam verərək həlak olanların ailələrinə başsağlığı çatdırıb.
Məlumata görə, hərbçilərdən üçü İordaniyadakı hərbi bazaya İranın raket zərbəsi nəticəsində, dördüncüsü isə İraqın Ərbil şəhərində pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi zamanı həlak olub.
Reuters-in məlumatına əsasən, İranla müharibə başlayandan bəri ABŞ ordusunda 18 hərbçi ölüb, yaralananların sayı isə 500-ü ötüb. Müharibənin ABŞ büdcəsinə indiyədək ən azı 37,5 milyard dollara başa gəldiyi bildirilir.
Tramp mərasimdən əvvəl jurnalistlərə açıqlamasında "Onları ehtiramla yad edəcəyik. Prezident olaraq bu, yerinə yetirməli olduğum ən çətin vəzifələrdən biridir", - deyə bildirib.
Səid,
Sitat.info