Avropada dəhşətli istilər hava meşə yanğınlarını gücləndirdi: Sakinlər təxliyyə edilir

14:43 24 İyul 2026

Avropanın cənubunda havanın temperaturu 44 dərəcəni keçib, bu isə İtaliya, İspaniya, Fransa və digər ölkələrdə genişmiqyaslı meşə yanğınlarına səbəb olub.

Sitat.info xəbər verir ki, yanğınlar səbəbindən 20 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

İtaliyanın Siciliya adasında güclü külək alovun sürətlə yayılmasına səbəb olub, Palermo şəhərində elektrik kəsintiləri yaşanıb. Yanğın zamanı bir yanğınsöndürən həyatını itirib, 100-dən çox sakin evlərindən çıxarılıb.

Fransanın Bordo yaxınlığındakı Lej-Kap-Ferre bölgəsində yanğınla 700-ə yaxın yanğınsöndürən mübarizə aparır. Əməliyyat zamanı Bordo hava limanı yaxınlığında iki yanğınsöndürən həlak olub.

İspaniyada Madrid yaxınlığında alovun dəmir yoluna yaxınlaşması səbəbindən qatarların hərəkəti dayandırılıb, Madrid–Barselona yüksək sürətli xəttində də fasilələr yaranıb. Ölkədə bu il yanan ərazilərin sahəsi 100 min hektarı keçib.

Yunanıstanda temperaturun 42, Cənubi Kiprdə isə 43 dərəcəyə çatacağı proqnozlaşdırıldığı üçün yüksək yanğın təhlükəsi elan edilib. Böyük Britaniyanın Uels bölgəsində isə quraqlıq vəziyyəti rəsmən təsdiqlənib. Mütəxəssislər artan temperaturun iqlim dəyişikliyinin nəticəsi olduğunu bildirirlər.

Nigar,

Sitat.info



Xəbər xətti