Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 30-da hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, İrəvan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı açıq və şəffaf mövqe tutur və layihə ilə bağlı mümkün narahatlıqlara dair bütün sualları cavablandırmağa hazırdır.
Sitat.info-nun erməni mediasına istinadən məlumatına görə, “Tramp marşrutu” layihəsi və İranın bu məsələ ilə bağlı narahatlıqları barədə suala cavab verən Paşinyan vurğulayıb ki, Ermənistan öz mövqeyini açıq şəkildə ifadə edir və bütün tərəflərin suallarına cavab verməyə hazırdır.
Baş nazirin sözlərinə görə, TRIPP çox böyük iqtisadi və infrastruktur layihəsidir və onun həyata keçirilməsi Ermənistan, İran və bütövlükdə region üçün fayda verəcək.
Paşinyan bildirib ki, layihə reallaşacağı təqdirdə Fars körfəzindən Qara dənizə qədər dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək. Bu marşrut Azərbaycan, İran, Ermənistan və Gürcüstan ərazilərindən keçəcək.
Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, TRIPP layihəsi hər hansı bir region ölkəsinin kənarda qalacağı ilə bağlı iddiaları təkzib edir: “Əksinə, bu, bütün region ölkələrini əhatə edən layihədir”.
Eyni zamanda Paşinyan etiraf edib ki, TRIPP layihəsinin həyata keçirilməsi qarşısında əsas maneələrdən biri regionda sabitliyin pozulması ola bilər. Bununla belə, o, layihənin mümkün qədər qısa müddətdə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Paşinyan həmçinin İran səfərinin dəqiq tarixinin hələ müəyyən edilmədiyini açıqlayıb. O bildirib ki, səfərlə bağlı razılaşmalar əldə olunub, lakin konkret vaxt hələ razılaşdırılmayıb.
Aytac,
Sitat.info