ABŞ Dövlət Departamenti Türkiyənin F-35 qırıcılarının satışına icazə verilməsi üçün tələb olunan şərtlərə hələ də cavab vermədiyini bildirib.
Sitat.info xəbər verir ki, bu barədə Fox News telekanalı Dövlət Departamentinin iyulun 22-də ABŞ Konqresinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, ABŞ qanunvericiliyinə əsasən, Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri və onlarla əlaqəli avadanlıqlara sahib olduğu müddətdə, həmçinin gələcəkdə bu sistemləri almayacağına dair öhdəlik götürməyənədək və Konqresin müəyyən etdiyi digər sertifikatlaşdırma tələblərini yerinə yetirməyənədək F-35 qırıcılarının satışına icazə verilə bilməz.
Məktubda vurğulanır ki, "Türkiyə hazırda bu şərtlərə cavab vermir."
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan dörd divizion S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılmışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra ABŞ Prezidenti Donald Trampın F-35 qırıcılarının Türkiyəyə satışına müsbət yanaşdığını bildirmişdi. Tramp da öz növbəsində satışın təsdiqlənməsinə meylli olduğunu desə də, yekun qərarın hələ verilmədiyini və məsələnin qiymətləndirildiyini qeyd etmişdi.
Nigar,
Sitat.info