Belarusun ən böyük süd məhsulları istehsalçısı olan "Savuşkin Produkt" şirkəti ölkə prezidenti Aleksandr Lukaşenkoya inək heykəli hədiyyə edib. Heykəlin Müstəqillik Sarayında quraşdırılacağı bildirilib.
Sitat.info xəbər verir ki, Prezidentin mətbuat xidmətinə yaxın "Pul Pervoqo" Teleqram kanalı bildirib ki, Lukaşenkonun "İnəyə abidə qoymaq lazımdır" fikrindən sonra bu təşəbbüs reallaşdırılıb.
Lukaşenko 2024-cü ilin oktyabrında Böyük Vətən Müharibəsi illərində inəklərin partizanların və uşaqların sağ qalmasına kömək etdiyini, bu gün də xalqı qidalandırdığını deyərək onlara abidə qoyulmasını təklif etmişdi.
Belarus lideri heyvanlara lazımi qayğı göstərilməyən təsərrüfatları dəfələrlə tənqid edib və mal-qaranın tələf olmasını mənəvi məsuliyyətsizlik kimi qiymətləndirib.
Qeyd edək ki, Lukaşenkoya bu ilin iyununda Minsk vilayətinə səfəri zamanı "Musya" adlı cersi cinsindən bir inək də hədiyyə edilmişdi.
Nigar,
Sitat.info