Yaponiyanın paytaxtı Tokionun ətrafında yerləşən Tama zooparkında saxlanılan 16 şirdən 3-ü son bir həftə ərzində ölüb.
Sitat.info xəbər verir ki, ilkin ehtimala görə, buna həddindən artıq isti hava səbəb olub.
Zoopark rəhbərliyinin məlumatına görə, iyulun 23-dən etibarən anomal istilər səbəbindən şirlərin saxlanıldığı bölmə ziyarətçilər üçün bağlanıb. Bir neçə heyvanda iştahsızlıq, halsızlıq və hərəkət aktivliyinin azalması müşahidə olunub. Bəzi şirlər isə yeriyə bilməyib və huşunu itirib.
Baytarların bütün səylərinə baxmayaraq, iyulun 28-də, 31-də və avqustun 2-də üç şir tələf olub. Hazırda daha üç şirin vəziyyəti ağır olaraq qalır və onlar hərəkət edə bilmirlər. Heyvanların vəziyyətini yüngülləşdirmək üçün kondisioner və ventilyatorlardan istifadə edilir.
Mütəxəssislər bildiriblər ki, ölümün dəqiq səbəbi yarılmadan sonra müəyyən ediləcək. Lakin ilkin müayinələr şirlərdə ciddi susuzlaşma və bir neçə orqanın fəaliyyət çatışmazlığını göstərib. Bu da həddindən artıq istiliyin onların ölümünə səbəb olan əsas amillərdən biri ola biləcəyini deməyə əsas verir.
Qeyd edək ki, son həftələr Yaponiyada rekord istilər müşahidə olunur. Ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəni ötüb. Təkcə iyulun 20–26-sı tarixlərində günvurma diaqnozu ilə 18 mindən çox insan xəstəxanaya yerləşdirilib, onlardan 45-i həyatını itirib.