Rusiya ilə Ukrayna arasında qarşılıqlı hava hücumları son sutkada da davam edib.
Sitat.info xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumların hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edildiyini açıqlayıb.
Onun sözlərinə görə, ən böyük zərər Çexov rayonu yaxınlığındakı Novoselki sənaye zonasında qeydə alınıb. PUA hücumu nəticəsində anbarda yanğın baş verib, transformator yarımstansiyası və inzibati bina zədələnib. İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Leninqrad və Tver vilayətlərində də Wildberries şirkətinə məxsus logistika mərkəzləri PUA hücumlarına məruz qalıb. Leninqrad vilayətində yanğın baş verib, Tverdə isə anbar binasına ziyan dəyib. Şirkət məhsul göndərişlərinin müvəqqəti olaraq digər logistika mərkəzlərinə yönləndirildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın hərbi məqsədlər üçün istifadə olunan liman və gəmilərinə zərbələrin davam etdirildiyini açıqlayıb. Məlumata görə, Çornomorsk, Mıkolayiv və Yujnı limanlarında hərbi infrastruktur və yük gəmiləri yüksək dəqiqlikli silahlar və PUA-larla hədəfə alınıb.
Ukrayna tərəfi isə Rusiyanın Sumı, Odessa və Mıkolayiv vilayətlərinə gecə saatlarında hücumlar təşkil etdiyini bildirib. Rəsmi məlumata görə, hücumlar nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkəyə bir "İskəndər-M" ballistik raketi və 136 pilotsuz uçuş aparatı ilə hücum etdiyini, onlardan 117-sinin zərərsizləşdirildiyini açıqlayıb. Hər iki tərəfin açıqladığı məlumatları müstəqil mənbələr hələlik təsdiqləməyib.
Nigar,
Sitat.info