Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 2026-cı ilin ilk yarısında ölkəyə xaricdən hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü ötən illə müqayisədə üç dəfə azalıb.
Sitat.info xəbər verir ki, Zelenski bu barədə hərbi rəhbərlik və xüsusi xidmət orqanlarının nümayəndələri ilə keçirdiyi müşavirədən sonra açıqlama verib.
Onun sözlərinə görə, 2025-ci illə müqayisədə Ukraynaya göndərilən hava hücumundan müdafiə raketlərinin sayı üç dəfə azalıb.
"Bu, təkcə yay dövrünə deyil, 2026-cı ilin ilk altı ayının bütün dövrünə aiddir. Tərəfdaşlarda raketlər var. Əsas məsələ onların tədarükü və istehsalın, o cümlədən Ukraynada lokallaşdırılmasının sürətləndirilməsi ilə bağlı siyasi qərarların qəbul edilməsidir", – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, müşavirədə Rusiya ərazisinə uzaqmənzilli zərbələrin prioritetləri də müzakirə olunub.
O qeyd edib ki, Ukrayna qüvvələrinin Rusiyanın neft obyektləri və neft emalı müəssisələrinə qarşı əməliyyatları davam edir.
"Rusiya üçün müharibənin uzanmasının qiyməti artacaq. Tərəfdaşların Rusiyaya qarşı sanksiyaları bizim uzaqmənzilli imkanlarımızı gücləndirməlidir. Bu məsələni əsas dövlətlərlə müzakirə edəcəyik", – deyə Zelenski vurğulayıb.
Bundan əvvəl "Financial Times" qəzeti yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya yüzlərlə "Patriot" zenit-raket kompleksi üçün raketin verilməsi ilə bağlı Zelenskinin müraciətini rədd edib. Nəşrin məlumatına görə, Tramp buna səbəb kimi ABŞ anbarlarında ballistik raket əleyhinə sursat ehtiyatının məhdud olmasını və onların Yaxın Şərqdəki Amerika hərbçiləri üçün lazım olduğunu göstərib.