Zaporojye Atom Elektrik Stansiyasının (AES) 4 əməkdaşı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) yola atdığı minaların partlaması nəticəsində yaralanıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın Dövlət Nüvə Enerjisi Korporasiyası "Rosatom"un baş direktoru Aleksey Lixaçov bildirib.
Onun sözlərinə görə, avqustun 3-5-də baş verən hadisələr zamanı yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, digər iki nəfər isə yüngül xəsarət aldıqları üçün hospitala getməkdən imtina edib.
Lixaçov iddia edib ki, Ukrayna PUA-ları hər gecə Enerqodar şəhərinə gedən əsas yola "kəpənək tipli" minalar atır. Onun sözlərinə görə, bu, şəhərə giriş-çıxışı, ərzaq təminatını, təcili yardımın fəaliyyətini və AES-də növbə dəyişməsini təhlükə altına qoyur.
Qeyd edək ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Rusiya ordusu 2022-ci ilin martında stansiyaya nəzarəti ələ keçirib.
Nigar,
Sitat.info