Azərbaycan XİN nazirlərin danışıqlar zamanı müzakirə etdiyi mövzuları açıqlayıb.
Bildirilib ki, tərəflər arasında təkbətək görüşdən sonra müzakirələr geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Görüşlər zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji, humanitar əlaqələr, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Biznes Şurası kimi mexanizmlərin tərəfdaşlığımızın genişləndirilməsində mühüm rolu qeyd edilib.
Ticarət dövriyyəsində müşahidə olunan bərpa meylləri müsbət qiymətləndirilib, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Regional məsələlər ətrafında müzakirələr kontekstində Azərbaycanın Ukraynada hərbi əməliyyatların dayandırılması, münaqişənin beynəlxalq hüquq əsasında diplomatik yollarla həll edilməsinə tərəfdar olduğu bildirilib, ölkəmizin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha təsdiq olunub.
Ukrayna xarici işlər naziri hərbi əməliyyatlar zamanı Qara dəniz və Azov dənizində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar başsağlığı və dərin hüzn ifadələrini çatdırıb, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, o cümlədən hərbi eskalasiyanın başlanmasından etibarən 50 milyon ABŞ dollarını aşan dəstək, İrpin şəhərində həyata keçirilən bərpa layihələri, ukraynalı uşaqlar üçün reabilitasiya proqramları, eləcə də mina təmizləmə sahəsində göstərilən yardım barədə danışılıb.
Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparılıb. Görüşlərin yekununda mətbuat konfransı keçirilib, nazirlər bəyanatlarla çıxış edib və media nümayəndələrinin suallarını cavablandırıblar.





