Ukraynada dərinləşən enerji çatışmazlığı bu qış ölkənin böyük şəhərlərini yaşayış üçün yararsız vəziyyətə sala bilər.
Sitat.info xəbər verir ki, bu barədə Almaniyanın Berliner Zeitung qəzeti məlumat yayıb.
Məlumata görə, Ukraynanın elektrik enerjisi istehsal gücü 2022-ci ildən bəri beş dəfə azalaraq 60 QVt-dan 12 QVt-a düşüb. Hazırda enerji çatışmazlığı təxminən 5-6 QVt təşkil edir və qışa qədər bu rəqəmin iki dəfə arta biləcəyi bildirilir.
Qəzet yazır ki, ötən qış Kiyevdə evlərin daxilində temperatur mənfi 10 dərəcəyə qədər düşüb, bəzi mənzillərdə “hətta sözün əsl mənasında buz əmələ gəlib”.
Ukrayna Prezidenti Vladimir Zelenski də daha əvvəl qarşıdakı qışın “çox çətin” olacağını bildirib.
TASS-ın hesablamalarına görə, Ukrayna qaz anbarlarında təxminən 7 milyard kubmetr qaz toplaya bilib. Halbuki qış tələbatını ödəmək üçün 13,2 milyard kubmetr qaz tələb olunur.
Ölkənin istilik kömürü ehtiyatı isə 1,2 milyon ton təşkil edir ki, bunun yalnız yay və payız aylarının tələbatını qarşılamağa kifayət edəcəyi bildirilir.
Nigar,
Sitat.info