Perunun Korequa kəndində hər kəsin görmə məhdudiyyətli doğulduğu bildirilir. Təcrid olunmuş həyat sürən kənd sakinləri yalnız səs və qoxu vasitəsilə istiqamətlərini tapa bilirlər.
Sitat.info xəbər verir ki, xəritədə yerini yalnız bilənlərin tapa biləcəyi, sivilizasiyadan uzaq bu meşə kəndində doğulan hər uşaq nadir genetik mutasiya səbəbindən dünyaya görmə məhdudiyyətli gəlir. Kənd sakinləri həyatlarını tamamilə qoxu və səslərin köməyi ilə davam etdirirlər.
Perunun insan ayağı dəyməyən, keçilməz meşələrinin dərinliklərində, xarici dünyadan tamamilə təcrid olunmuş Korequa kəndi yerləşir. Bu kəndi dünyadakı digər yaşayış məntəqələrindən fərqləndirən əsas xüsusiyyət isə yüz ildən artıqdır burada heç kimin dünyanı görə bilməməsidir.
“Sözcü”də yer alan məlumata görə, Korequada dünyaya gələn hər körpə nadir genetik mutasiya səbəbindən anadangəlmə görmə məhdudiyyətli olur. Bir əsrdən artıqdır davam edən bu vəziyyət kənd sakinləri üçün artıq maneə deyil, adi həyat tərzinə çevrilib. İşıq və rənglərin olmadığı bu ərazidə ictimai həyat görmə duyğusu əvəzinə tamamilə qoxu və səs koordinasiyası üzərində qurulub.
TƏBİƏTLƏ QURULAN İNANILMAZ TARAZLIQ
Keçilməz və təhlükələrlə dolu meşədə görmədən yaşamaq mümkünsüz görünsə də, Korequa sakinləri bu vəziyyətə uyğunlaşmağı bacarıblar.
Kənd sakinləri meşədəki ağacların qoxusundan istiqamət tapa bilir, küləyin yarpaqlara toxunarkən yaratdığı səslərdən isə yaxınlaşan fırtınanı və vəhşi heyvanları saniyələr öncədən hiss edirlər. Kənddə gündəlik həyat evlər arasında xüsusi səs siqnalları və addımların ritmi ilə problemsiz şəkildə davam edir.
Elmi dünyanın da marağına səbəb olan bu sirli icma insanın genetik quruluşunun ətraf mühitə uyğunlaşma imkanlarını yenidən gündəmə gətirib. Xarici dünyanın “qaranlıq” kimi qəbul etdiyi həyat Korequa sakinləri üçün yüz ildən artıqdır davam edən unikal uyğunlaşma və həmrəylik hekayəsidir.
Seymur,
Sitat.info