Kiyevə raket hücumu: 12 nəfər ölüb, 30-dan çox yaralı var

11:50 20 Avqust 2026

Rusiyanın ballistik raketlərlə Kiyevə endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Sitat.info xəbər verir ki, hücum nəticəsində paytaxtın müxtəlif ərazilərində binalar zədələnib, bəzi hissələrdə elektrik enerjisi kəsilib. Solomyanskil rayonunda doqquzmərtəbəli yaşayış binasının yuxarı mərtəbələri dağılıb və yanğın baş verib. Kiyev meri Vitali Kliçko həmin ərazidə 7 nəfərin öldüyünü bildirib.

Hücum nəticəsində məktəb, uşaq xəstəxanası, anbarlar və digər qeyri-yaşayış obyektləri də zərər görüb. Təxminən 90 min abonentin elektrik enerjisi kəsilib.

Rusiya Müdafiə Nazirliyi isə Kiyev və ətrafına hava zərbələri və dron hücumları həyata keçirildiyini, pilotsuz uçuş aparatlarının hissələrinin istehsal olunduğu müəssisələrin, hərbi anbarın və logistika mərkəzinin vurulduğunu açıqlayıb.

Hücum zamanı Rusiyaya aid bir dronun NATO və Avropa İttifaqı üzvü Rumıniyaya düşdüyü, digər dronun isə Moldova hava məkanından keçdiyi bildirilib.

Nigar,

Sitat.info



Xəbər xətti