2027-ci il ən isti il ola bilər: Güclü El-Nino xəbərdarlığı

09:18 21 Avqust 2026

Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) Sakit okeanda inkişaf edən El-Nino hadisəsinin son əsrlərin ən güclü səviyyəsinə çata biləcəyi barədə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, qurumun məlumatına görə, El-Nino qlobal temperaturu yüksəldərək ekstremal hava hadisələri riskini artıracaq.

İnsan mənşəli iqlim dəyişikliyi ilə birlikdə bu təsir 2027-ci ili böyük ehtimalla tarixdə ən isti il edə bilər.

Hazırda Sakit okeanda dəniz səthinin temperaturu normadan 2°C-dən çox yüksəkdir. Proqnozlara görə, fərq 3°C-ni də keçə bilər ki, bu da 1950-ci ildən bəri görünməmiş səviyyədir.

El-Nino Cənubi Asiyada musson yağışlarının azalmasına, Avstraliyada quraqlıq və meşə yanğınları riskinin artmasına, Peru, Ekvador və ABŞ-ın cənubunda isə daşqın təhlükəsinin güclənməsinə səbəb ola bilər.

Met Office alimi Nik Danston bildirib ki, 2027-ci ilin 2024-cü ilin temperatur rekordunu geridə qoyması çox mümkündür.

Qeyd edək ki, El-Nino Sakit okeanın tropik hissəsində dəniz sularının normadan artıq isinməsi nəticəsində qlobal temperaturu və hava şəraitini dəyişdirən təbii iqlim hadisəsidir.

Nigar,

Sitat.info



Xəbər xətti