Avqustun 20-də abortdan sonra vəfat edən Tovuz rayon sakini Lalə Quliyevanın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Sitat.info Bakupost.az-a istinadla xəbər verir ki, Lalə Quliyeva Sabunçu Tibb Mərkəzinə “Vita Med Hospital”dan göndərilib. Onu həmin klinikada qəbul edən mama-ginekoloq Yadigar Hüseynova olub.
Yadigar Hüseynova açıqlamasında bildirib ki, Lalə Quliyevanı hospitala artıq qanaxma fonunda qəbul edib:
"Onlar mənim kəndçimdirlər. Avqustun 20-si anası mənə zəng etdi ki, Masazırdayıq, qızın halı pisdir, qanaxması var. Dedim, mən orada nə edə bilərəm? İşlədiyim yerə - “Vita Med Hospital”a gəlin.
Qanaxma fonunda gəliblər . Bizim klinikada olanda huşu aydın idi, danışırdı. Qan itirmişdi, təzyiqi düşmüşdü. Biz lazımi tədbirləri gördük, təzyiqi normallaşdırıldı və protokol qaydasında Sabunçu Tibb Mərkəzinə göndərildi. USM yox idi. Biz həmin anda heç nəyi dəqiq təyin edə bilmirdik. Yalnız ilkin müdaxilə edib təzyiqini normallaşdırdıq və təcili tibbi yardımla göndərdik. Günün ikinci yarısı olduğuna görə qan bankı yox idi, lazımi tədbirləri görə bilməyəcəyimiz üçün onu axşam saat 6-7 radələrində, təxminən 40 dəqiqəyə dövlət klinikasına göndərdik. "Vita Med”də abort əməliyyatı keçirilməyib”.
Y. Hüseynova qadının harada və hansı şəraitdə əməliyyat olunduğu ilə bağlı suallara cavab verməyib.
Qeyd edək ki, TƏBİB 24 yaşlı qadının Sabunçu Tibb Mərkəzinə artıq ölü vəziyyətdə gətirildiyini açıqlayıb. Rəsmi məlumatda onun hamiləliyini hansı tibb müəssisəsində sonlandırdığı isə qeyd edilməyib.