Almaniyanın xarici işlər naziri İohan Vadeful şənbə günü elan olunmamış səfərlə Kiyevə gedib.
Sitat.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərin əsas gündəliyində Ukraynaya yardım, eləcə də təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri dayanır.
Səfər Ukraynanın avqustun 24-də qeyd olunan Müstəqillik Günü ərəfəsində baş tutub. Nazirliyin açıqlamasına görə, əsas diqqət qarşıdakı qışa hazırlıq məsələlərinə yönəldiləcək. Bu çərçivədə Ukraynaya generatorlar, ehtiyat hissələri və digər enerji avadanlıqlarının çatdırılması, enerji sektoruna dəstək və kritik infrastrukturun qorunması müzakirə olunacaq.
Vadeful həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini, Ukraynanın hərbi imkanlarının gücləndirilməsini, təcrübə mübadiləsini və uzunmüddətli təhlükəsizlik mexanizmlərinin birgə yaradılmasını müzakirə edəcək.
Alman nazir Kiyevə qatarla gedib. Səfərin təhlükəsizlik səbəbindən əvvəlcədən elan edilmədiyi bildirilib. Bu, Vadefulun Almaniyanın xarici işlər naziri kimi Ukraynaya dördüncü səfəridir.
Nigar,
Sitat.info