“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi”.
Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir.
Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.
"Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq. Ona görə hərbi vətənpərvərlik tərbiyəsi bu gün Azərbaycanda çox geniş vüsət alıb. Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. "Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir”, - Prezident vurğulayıb.