Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Sitat.info xəbər verir ki, CNN-ə danışan dörd ABŞ mənbəsinin məlumatına görə, hadisə bu ilin yazında ABŞ və İsrailin İrana qarşı intensiv hücumları zamanı qeydə alınıb.
ABŞ ordusu daxilində yayılan kəşfiyyat hesabatında Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin İranın nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia edilib.
Bunun ardınca ABŞ ordusu gəmini “hərbi şəkildə” ələ keçirmək üçün əməliyyata hazırlaşıb. Lakin planlaşdırılan əməliyyatdan qısa müddət əvvəl rəsmilər yekun hesabatın daha ətraflı araşdırılmasını tələb ediblər.
Məlum olub ki, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən hazırlanan hesabat süni intellektin köməyi ilə hazırlanıb. Analitikin istifadə etdiyi çatbot isə gəminin daşıdığı yükü səhv müəyyənləşdirib.
ABŞ mənbələrindən biri hesabatı “tamamilə səhv, az qala müharibəyə gətirib çıxarırdı” sözləri ilə təsvir edib.
Mənbənin sözlərinə görə, Çin gəmisinə qarşı hərbi əməliyyat ABŞ və Çin arasında silahlı münaqişəyə çevrilmək riski yaradıb.
Hesabatda gəminin daşıdığı yükün nə olduğu açıqlanmayıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə hadisə ilə bağlı şərh tələbinə cavab verməyib.