İran və Ermənistan dəmir yolu şəbəkələrinin birləşdirilməsi məsələsini müzakirə ediblər
Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İran və Ermənistan arasında dəmir yolu və ticarət əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini bildirib. Sitat.info xəbər verir ki, Akopyan İran Dəmir Yollarının rəisi Cabbarəli Zakeri ilə görüşdə İran dəmir yollarının dənizə çıxışı olmayan MDB ölkələrinin beynəlxalq marşrutlara bağlanmasında roluna toxunub.
O, qeyd edib ki, İran və Ermənistanın dəmir yolu şəbəkələrinin birləşdirilməsi Ermənistanın cənub istiqamətində dənizlərə çıxışını təmin edə və İranın Avropa ilə nəqliyyat əlaqələrini şaxələndirə bilər.
Zakeri isə iki ölkə arasında dəmir yolu əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Ermənistan regional tranzit marşrutlarında, xüsusilə Şimal-Cənub dəhlizində daha böyük rol oynamaqla dəmir yolu tranzitinin inkişafına töhfə verə bilər.
Aytac,
Sitat.info